Rusiya ötən gecə Ukrayna ərazisinə kütləvi hücum zamanı 650-dən çox pilotsuz uçuş aparatı və 50-dən çox müxtəlif tipli raket, o cümlədən ballistik və aeroballistik raketlər atıb.
NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, hücumlar nəticəsində onlarla insan, o cümlədən beş uşaq xəsarət alıb. İki nəfərin ölümü təsdiqlənib. Ladıjin şəhərində yeddi yaşlı oğlan ağır yaralanıb.
Hücumlar ölkənin bir neçə regionunu - Vinnitsa, Kiyev, Nikolayev, Çerkası, Poltava, Dnepropetrovsk, Çerniqov, Sumı, İvano-Frankovsk və Lvov vilayətlərini əhatə edib. Enerji infrastrukturuna ziyan dəyib.
V.Zelenski Moskvaya təzyiqin artırılması üçün ABŞ, Avropa və "Böyük yeddilik" ölkələrinin qətiyyətli addımlarına ümidvar olduğunu vurğulayıb.
"Rusiyanın neft və qaz sektoruna, maliyyə sisteminə və bu müharibəni maliyyələşdirən hər kəsə qarşı sanksiyalarla bağlı yeni addımlar atılmalıdır. Sülh uğrunda mübarizə aparan hər kəsə təşəkkür edirəm", - Ukrayna Prezidenti söyləyib.
 
                                     
 