Türkiyə Milli Müdafiə Nazirliyi Qətər və Omandan “Eurofighter Typhoon” qırıcı təyyarələrinin tədarükü ilə bağlı danışıqların davam etdiyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Böyük Britaniya ilə 2025-ci il oktyabrın 27-də imzalanmış və Türkiyə Hərbi Hava Qüvvələri üçün 20 ədəd yeni “Eurofighter Typhoon”, eləcə də ümumi dəyəri 5,4 milyard funt sterlinq olan digər silahların tədarükü ilə bağlı müqaviləni xatırladıb.
Nazirlik bildirib ki, hazırda Qətər və Oman Hərbi Hava Qüvvələrinin arsenalında olan “Eurofighter Typhoon” təyyarələrinin tədarükü ilə bağlı danışıqlar davam edir.
Bu arada, mediada yayılan məlumatlara görə, Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalında “Eurofighter Typhoon” təyyarələrinin ümumi sayı tezliklə 44 ədədə çatacaq.
Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkənin müdafiə potensialını artırmaq üçün xaricdə istehsal edilən hərbi təyyarələr alınacaq və onların yerini sonradan yerli istehsal olan beşinci nəsil KAAN təyyarələri tutacaq.
