Çin 2030-cu ilədək astronavtları Aya göndərəcək

A- A A+

Çin 2030-cu ilə qədər Aya astronavtları endirməyi öhdəsinə götürüb və Yerin təbii peykində kosmik proqramın intensiv inkişaf və sınaq cədvəlini müəyyən edib.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Pilotlu Kosmik Administrasiyası (CMSA) cümə axşamı günü bəyanatla çıxış edib. O açıqlayıb ki, qarşıdan gələn əsas proseslərə “Lanyue” eniş aparatının inteqrasiya olunmuş sınaqları, “Mengzhou” pilotlu kosmik gəmisi üçün istilik və maksimum dinamik təzyiq sınaqları, eləcə də “Long Marsh -10” buraxılış vasitəsinin aşağı hündürlükdə uçuşları daxildir.

CMSA sözçüsü Çjan Cinbo mətbuat konfransında gələn il üçün planlaşdırılan ictimai loqotip toplama kampaniyasının Çin kosmik stansiyasına proqramlarla yanaşı, “Mengzhou-1” missiyasını da əhatə edəcəyini açıqlayıb. “Mengzhou-1” Ay missiyaları və kosmik stansiyanın aşağı Yer orbitində fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.

Çjan Cinbo qeyd edib ki, pilotlu Ay missiyası üçün bütün inkişaf və tikinti işləri cədvələ uyğun olaraq davam edir. Əsas uçuş avadanlıqlarının, o cümlədən “Long Marsh -10” buraxılış aparatının, “Mengzhou” kosmik gəmisinin, “Lanyue” eniş aparatının, “Vangyu” Ay skafandrının və “Tansuo” Ay roverinin prototipləri tamamlanıb.

Bundan əlavə, elmi tədqiqatlar və praktiki tətbiqlərlə bağlı faydalı yük dizaynı başa çatıb və buraxılış meydançası, izləmə şəbəkəsi, eniş yeri də daxil olmaqla yerüstü infrastruktur üzərində işlər sürətlə davam edir.

Administrasiyanın sözçüsü, həmçinin qeyd edib ki, bir çox yeni texnologiyalar hələ də sınaqdan keçirilməli və istifadə üçün təsdiqlənməlidir, xüsusən də yüksək keyfiyyət standartları və uçuş sınaqları üçün sıx müddətlər nəzərə alınmaqla, qarşıda duran işlərin həcmi çox böyükdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: