Ermənistan hökuməti ilə “Gazprom-Armenia” şirkəti arasında Rusiyadan bu ölkəyə nəql olunan təbii qazın qiymətləri ilə bağlı iki ay davam edən danışıqların uğursuz nəticələnməsindən sonra əhaliyə və digər daxili istehlakçılara verilən mavi yanacağın qiymətinin artması labüddür.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində energetika təhlükəsizliyi üzrə ekspert Armen Manvelyan bildirib. O əlavə edib ki, Rusiya təbii qazının sərhəddə daxilolma qiymətinin artmasından sonra daxili bazarda onu sabit saxlamaq mümkün olmayacaq. Digər tərəfdən, Ermənistanın baş naziri ötən ilin dekabrında bəyan edib ki, hökumət daxili tələbat üçün təbii qazın qiymətlərinə subsidiya ayırmayacaq və gələcəkdə borc müqabilində qarşı tərəfə (“Gazprom” şirkətinə) heç bir səhmlər və ya müəssisələr verilməyəcək.
Ekspertin sözlərinə görə, Rusiyanın törəməm şirkətinin həddindən artıq böyük infrastruktur xərcləri qiymətlərin əvvəlki səviyyədə saxlanılmasına imkan vermir. Eyni zamanda, Ermənistan hökuməti də bugünədək qiymət sabitliyi ilə bağlı öz arqumentlərini təqdim etməyib.
A.Manvelyan deyib ki, qazın qiymətlərinin bu ilin yayında artırılacağı istisna edilmir. O, qeyri-peşəkarlardan ibarət olan hökumət komissiyasının ötən ilin ortalarında ölkədə guya enerjidaşıyıcılarının qiymətlərinin azaldılacağı barədə bəyanatlarını da əsassız adlandırıb. Ekspert əlavə edib ki, Ermənistan hökuməti ilə “Gazprom-Armenia” şirkəti arasında münasibətlər bu şirkətə qarşı cinayət işinin qaldırılmasından sonra daha da gərginləşib.
Ekspert bildirib ki, ağır sosial vəziyyət ucbatından ölkədə təbii qaz istehlakının 22,2 milyard kubmetrdən 2 milyard kubmetrə qədər azalması da problemi çətinləşdirir.