Qətərin paytaxtı Dohadakı Konqres Mərkəzində noyabrın 4-6-da müxtəlif ölkələrin dövlət və hökumət başçıları, müvafiq nazirliklərin rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə BMT-nin qlobal sosial inkişaf sammiti keçiriləcək.
NUHÇIXAN QNA rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, sammitdən əvvəl Qətər rəsmilərinin və BMT-nin nümayəndələrinin iştirakı İlə Dohanın mərkəzi meydanında Birləşmiş Millətlər Təşkilatının bayrağının qaldırılması mərasimi olub.
Sammitdən əvvəl jurnalistlərə müsahibə verən BMT Baş katibinin iqtisadi və sosial Məsələlər üzrə müavini Li Cunhua bildirib ki, bu sammit əməkdaşlığa və kollektiv tərəqqiyə ortaq öhdəliyi əks etdirir. O vurğulayıb: “Dərinləşən bərabərsizliklər, demoqrafik gərginlik, sürətli texnoloji və ətraf mühit dəyişiklikləri, miqrasiya problemi ilə üzləşən bir dünyada sosial inkişaf üzrə ikinci qlobal sammit dialoq və əməkdaşlıq fəaliyyəti üçün mühüm platforma təmin edir. Bu, hökumətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, özəl sektor, akademik qurumlar və BMT sistemindən olan liderlər üçün sosial inkişaf məsələləri ilə ən yüksək səviyyədə məşğul olmaq və sosial tərəqqini irəli aparmaq, qlobal davamlı inkişaf səyahətimizdə heç kimin geridə qalmamasını təmin etmək üçün unikal bir məkandır”.
Qətər Xarici İşlər Nazirliyinin baş katibi Əhməd Həsən Əl-Həmadi ölkənin ən yüksək səviyyədə dialoq və əməkdaşlığı təşviq etməyə ev sahibi və tərəfdaş kimi dəstəyini vurğulayıb. O bildirib: “Əminik ki, bu sammit siyasi iradəni bir daha təsdiqləmək, habelə hamı üçün sosial inkişafa və ədalətə nail olmaq, eləcə də 2030-cu il Gündəliyi (Davamlı İnkişaf Məqsədləri) üçün irəliləyişi sürətləndirmək istiqamətində transformativ hərəkətləri sürətləndirmək, onları stimullaşdırmaq üzrə bol imkanlardan istifadə etməyə yaxşı fürsət yaradacaq”.
Qeyd olunub ki, növbəti bir neçə gün ərzində təxminən 14 min iştirakçı - dövlət və hökumət başçıları, nazirlər, vətəndaş cəmiyyəti liderləri, gənclər nümayəndələri, işçilər və özəl sektor nümayəndələri sosial müdafiə, bərabərsizlik, layiqli iş və marjinal qrupların cəlb olunması mövzularında təşkil ediləcək plenar iclaslarda, yüksəksəviyyəli dəyirmi masalarda və paralel forumlarda iştirak edəcəklər.
BMT-nin sözçüsü Stefan Dujarrik Baş katib Antonio Quterreşin çərşənbə axşamı açılış mərasimində çıxış edəcəyini bildirib. Təşkilatın rəhbəri 1995-ci ildə Kopenhagendə keçirilən ilk sosial inkişaf sammitindən ötən dövrdə əldə edilən irəliləyişi vurğulayacaq, eyni zamanda, artan bərabərsizlik, işsizlik, yoxsulluq, münaqişələr və geniş yayılmış insan əzabları da daxil olmaqla əsas qlobal problemləri diqqətə çatdıracaq.
