Ərdoğan: Suriya üçün xüsusi dəstək proqramına başlayırıq

A- A A+

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 41-ci toplantısı keçirilir.

NUHÇIXAN xəbər verir ki, toplantının açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul ediləcək qərarların və aparılacaq müzakirələrin xeyirli nəticələrə səbəb olacağına inamını ifadə edib.

Dünyada baş verən hadisələrə toxunan Türkiyə Prezidenti 14 illik əsarətdən sonra inkişaf mərhələsinə keçid edən Suriyanın yenidən ayağa qalxmasının ölkəsinin əsas prioritetlərindən olduğunu, bu istiqamətdə COMCEC çərçivəsində bu gün Suriya üçün xüsusi dəstək proqramına başladıqlarını da qeyd edib.

“Türkiyə olaraq nəqliyyatdan təhsilə, təhlükəsizlikdən ticarətə, səhiyyədən sosial xidmətlərə qədər Suriya xalqına dəstəyimizi davam etdiririk. Ölkənin siyasi birliyinin və ərazi bütövlüyünün qorunması, bütün təbəqələri ilə suriyalı qardaşlarımızın davamlı rifaha qovuşması baxımından təşkilatımızın və İslam dünyasının dəstəyi olduqca önəmlidir. Suriyanın region iqtisadiyyatları ilə inteqrasiyası həm bu ölkə, həm də bölgəmizə konkret faydalar gətirəcək. İnfrastrukturun ən vacib halqasını təşkil edən nəqliyyat layihələrinin həyata keçirilməsi məsələsinə diqqət yetirməyimiz şübhəsiz həyati əhəmiyyət daşıyır”, - deyə Ərdoğan bildirib.

Dünyanın təbii qaz ehtiyatlarının 60 faizinə, neft mənbələrinin 65 faizinə, qlobal əhalinin isə 25 faizinə sahib olan İslam dünyasının hələ beynəlxalq ticarətdə arzuladığı mövqeyə çata bilmədiyini qeyd edən Türkiyə Prezidenti deyib: “Bu vəziyyəti dəyişdirmək üçün addımlar atmağımız, əlbəttə mümkündür. COMCEC çərçivəsində həyata keçirdiyimiz ortaq proqram və layihələr böyük əhəmiyyət daşıyır. Bu il COMCEC işçi qrupları çərçivəsində İslam ölkələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bir çox mövzu müzakirə olunub. Bu günə qədər COMCEC layihə dəstək proqramları vasitəsilə cəmi 180 layihəyə dəstək verdik. 56 ölkənin həm layihə sahibi, həm də faydalanan tərəf kimi bu fəaliyyətlərdə iştirak etməsindən böyük məmnunluq duyuram. Bu il COMCEC layihə maliyyələşdirilməsi çərçivəsində daha 23 layihəni həyata keçiririk”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: