Qırğızıstan 2025-ci il modeli olan yeni nəsil biometrik pasportların buraxılışına başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın “Kabar” agentliyi yayıb. Bildirilib ki, yeni pasportlar milli simvolları əks etdirir və xarici görünüşü, həmçinin təhlükəsizlik səviyyəsi baxımından tam yenilənib. Sənədlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə tam uyğun hazırlanıb.
Qeyd olunub ki, 2024-cü ilin mayından etibarən biometrik pasportlar və daxili şəxsiyyət vəsiqələri ölkə daxilində istehsal edilir.
Yeni pasportlara keçidin əsas səbəbləri Qırğız Respublikasının Dövlət Bayrağının dəyişdirilməsi ilə əlaqədar dövlət rəmzlərinin yenilənməsi, sənəd istehsalı prosesinin tam şəkildə “Uçkun” ASC-yə verilməsi nəticəsində milli istehsalın inkişafı, eləcə də regionda təhlükəsizliyin ən yüksək səviyyələrindən birinin təmin olunmasına imkan verən müasir texnologiyaların və unikal təhlükəsizlik həllərinin tətbiqidir.
