Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin qiymətləndirməsinə görə, Baş nazir Kir Starmerin immiqrasiyanı məhdudlaşdırmağa yönəlmiş yeni planları ölkə iqtisadiyyatına 4,4 milyard funt sterlinqə qədər zərər vura bilər.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, may ayında təqdim edilən islahat paketi çərçivəsində hökumət immiqrasiyanı azaltmaq üçün bir sıra sərt tədbirlər elan edib.
Bu tədbirlərə beynəlxalq tələbələrin təhsillərini başa vurduqdan sonra Böyük Britaniyada qalma müddətinin qısaldılması və ölkədə daimi yaşamaq imkanlarının məhdudlaşdırılması daxildir. Starmer həmin vaxt “Bu ölkədə məskunlaşmaq hüquq deyil, qazanılmalı olan bir imtiyazdır”, - deyə bildirmişdi.
Yeni sənəddə həmçinin “bacarıqlı işçi vizası” üçün ingilis dili tələbinin gələn ildən artırılacağı və xarici işçiləri işə götürən Britaniya şirkətlərinin ödədiyi immiqrasiya bacarıqları rüsumunun üçdə bir nisbətində artırılacağı qeyd olunur. Daxili İşlər Nazirliyinin iqtisadi təsir qiymətləndirməsində göstərilir ki, bu siyasət dəyişikləri nəticəsində Böyük Britaniya qarşıdakı beş il ərzində təxminən 1,2 milyard funt sterlinq itirə bilər. Mənfi ssenarilərin ən pis variantında itki 4,4 milyard funt sterlinqə qədər yüksələ bilər. Yalnız ən optimist ssenaridə ölkə bu dəyişikliklərdən 0,8 milyard funt sterlinq qazanc əldə edə bilər.
