İrakli Kobaxidze: Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan iqtisadi əlaqələr və ticarət tərəfdaşlığı üçün çox maraqlı bir marşrut yaradır
“Gürcüstan hökuməti ölkənin tranzit funksiyasını mümkün qədər bərpa etmək istəyir. Bu məqsədlə xüsusilə infrastruktur, magistral yol tikintisi, dəniz limanları, hava limanları və dəmir yollarına böyük sərmayələr qoyuruq ki, Gürcüstan dünyanın müxtəlif hissələri ilə əlaqə baxımından daha güclü oyunçuya çevrilsin”.
NUHÇIXAN xəbər verir ki bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze CCTV-nin “Liderlərin söhbəti” proqramında söyləyib.
“Gürcüstan tarixən Qərblə Şərq, Avropa və Asiya arasında birləşdirici halqa olub və bu kontekstdə təbii ki, biz Qərblə Şərqi birləşdirən ölkə kimi rolumuzu gücləndirmək istəyirik” - deyə Baş nazir bildirib.
Hökumət başçısı deyib: “Biz “Bir kəmər, bir yol” təşəbbüsündə güclü rol oynamaq üçün hər şeyi edirik. Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan iqtisadi əlaqələr və ticarət tərəfdaşlığı üçün çox maraqlı bir marşrut yaradır, buna görə də biz Orta Dəhliz, Transxəzər dəhlizinin gücləndirilməsi ideyasına sadiqik və buna görə də Gürcüstanın əməkdaşlığın gücləndirilməsi baxımından çox müsbət rol oynaya biləcəyini düşünürük”.
