Böyük Britaniya hökuməti QİÇS, vərəm və malyariyaya qarşı mübarizə aparan Qlobal Fonda ayırdığı maliyyə yardımını 15 faiz azaldaraq 850 milyon funt sterlinq səviyyəsinə endirib.
NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, bu, ölkənin daralan büdcə şəraitində xarici yardımlarını azaldan son qərarlardan biridir. Cenevrədə yerləşən Qlobal Fondun əsas donorlarından biri olan Böyük Britaniya, digər böyük ölkələr kimi artan müdafiə xərclərini maliyyələşdirmək məqsədilə yardım büdcəsini azaldır. Lakin hökumət bildirib ki, 2026–2028-ci illər üçün ayrılacaq yeni vəsait QİÇS, vərəm və malyariyadan dünyada 1,3 milyonadək insanın həyatını xilas etməyə və 22 milyona yaxın yeni yoluxmanın qarşısını almağa kömək edəcək.
Qeyd edək ki, bu ilin əvvəlində Britaniya hökuməti ümumi xarici yardım büdcəsini milli gəlirin 0,5 faizindən 0,3 faizinə endirib. Bu addım ABŞ Prezidenti Donald Trampın Avropanı öz müdafiə qabiliyyətini artırmağa çağırması fonunda müdafiə xərclərinin artırılması məqsədilə atılıb.
