Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”su Türkiyəyə gətirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin aparıcı media orqanları cümə axşamı, noyabrın 13-də məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bu ərəfədə təyyarənin qalıqlarının, o cümlədən füzelyaj və mühərriklərin türk mütəxəssislərindən ibarət qrup tərəfindən hərtərəfli araşdırılacağını bildirmişdi.
İyirmi hərbçinin ölümünə səbəb olan qəzanın səbəbini müəyyən etmək üçün ərazinin təhlili də aparılacaq.
Mediada yayılan məlumatlara görə, təyyarənin bütün hissələri Türkiyə Silahlı Qüvvələrinin Kayseri vilayətindəki hərbi bazasına çatdırılacaq.
