Almaniyanın gələn il üçün federal xərcləri 524,5 milyard avro müəyyən olunub

A- A A+

Almaniya parlamentinin - Bundestaqın büdcə komitəsi 2026-cı il üçün federal büdcə layihəsini təsdiqləyib.

NUHÇIXAN “Zeit” qəzetinə istinadla xəbər verir ki, 15 saat davam edən iclasda büdcə sənədinə bir sıra dəyişikliklər olunub. Təsdiqlənmiş layihəyə əsasən, gələn il federal xərclər 524,5 milyard avro müəyyən olunub. Bu göstərici hökumətin ilkin təklifindən 4 milyard avro çoxdur.

Komitə əsas büdcə çərçivəsində təxminən 98 milyard avroluq kreditin cəlb olunmasına razılıq verib. Bu, əvvəlki layihədən 8 milyard avro artıqdır. İnfrastruktur və Bundesver üçün nəzərdə tutulan xüsusi fondlar vasitəsilə əlavə borclanma da həyata keçiriləcək. Beləliklə, ümumi borcun 180 milyard avrodan çox olacağı gözlənilir. Cari ildə qəbul edilən dəyişikliklər səbəbindən Əsas Qanunda müəyyən edilmiş borc məhdudiyyəti pozulmur.

Maliyyə Nazirliyinin təklifi ilə Ukraynaya ayrılan yardım artırılıb. Müdafiə təchizatı və iki “Patriot” sistemi də daxil olmaqla müxtəlif məqsədlər üçün bu ölkəyə əlavə 3 milyard avro ayrılması nəzərdə tutulur. Bununla da, yardım paketi 8,5 milyard avrodan 11,5 milyard avroya çatdırılıb.

Bundan başqa, fərdi evlərdə ekoloji cəhətdən səmərəli istilik sistemlərinin quraşdırılmasına 800 milyon avro, yaşayış sahələrinin yaşlı və əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmasına isə 50 milyon avro ayrılıb. Federal büdcə layihəsi növbəti mərhələdə Bundestaqın plenar iclasında müzakirə olunacaq. Səsvermənin noyabrın 25–28-də keçirilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: