Ukraynanın Zaporojye və Dnepropetrovsk vilayətinin cənubunda şiddətli döyüşlər davam edir. Rusiya ordusu hücumlarının, kütləvi artilleriya atəş zərbələrinin intensivliyini azaltmır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələri məlumat yayıb. Xüsusilə, son 24 saat ərzində Zaporojye vilayətinin Aleksandrovsk və Qulyapol istiqamətlərində döyüş toqquşmaları qeydə alınıb.
Döyüş birləşmələrinin yenidən təşkili, təmas xəttinin konfiqurasiyasının dəyişdirilməsi və hərbi qulluqçuların həyatını qorumaq məqsədilə Ukrayna ordusunun bölmələri Novovasilyevsk kəndindən daha əlverişli müdafiə mövqelərinə çəkilib.
"Düşmənin irəliləməsinin qarşısını almaq və zərər vurmaq cəhdləri davam edir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, son vaxtlar Ukrayna ordusu Zaporojye vilayətinin Rovnopol, Novouspenovsk, Novoye, Oxotniçye, Uspenovka və Novomıkolayevka kəndləri yaxınlığındakı mövqelərini geri çəkməyə məcbur olublar.
