Rumıniya Prezidenti Nikuşor Dan ölkəsinin vətəndaşlarının altı ay əvvəlkindən daha pis yaşadığını etiraf edib.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, Rumıniya Prezidenti bu açıqlamanı “Romania TV”yə müsahibəsində verib. “Biz olduqca açıq şəkildə bildirməliyik ki, rumınlar indi, məsələn, altı ay əvvəlkindən daha pis yaşayırlar. Belə ki, 10% inflyasiyanın olması hər bir rumının alıcılıq qabiliyyətinin 10% aşağı düşməsi deməkdir”, - deyə o bildirib.
Dövlət başçısı əlavə edib ki, hökumətin sərt qənaət tədbirləri haqlıdır, əks halda, inflyasiya 20-30 faizə çata bilərdi. Lakin o, bəzi iqtisadi tədbirlərin fərqli şəkildə həyata keçirilə biləcəyini qeyd edib.
Rumıniya hökuməti əvvəllər 2024-cü ildə ÜDM-in 9,3 faizini təşkil edən Aİ-nin rekord qıran büdcə kəsirini azaltmaq üçün üç sərt qənaət paketi qəbul etmək niyyətində olduğunu açıqlayıb. Parlament tərəfindən iyulun 7-də qəbul edilən ilk paket ƏDV və aksiz vergilərinin artırılmasını, subsidiyaların və müavinətlərin ləğv edilməsini, əməkhaqqı və pensiyaların dondurulmasını əhatə edir. Sentyabrın 1-də təsdiqlənmiş ikinci paket yerli idarəetmədə, səhiyyə sistemində, dövlət şirkətlərində islahatların aparılmasını, hakimlər və prokurorlar üçün xüsusi (artırılmış) pensiyaların tətbiqini nəzərdə tutur. Üçüncü paketin isə mərkəzi idarəetmədə islahatları əhatə edəcəyi gözlənilir.
