ABŞ Prezidenti Donald Tramp vəliəhd şahzadə Məhəmməd bin Salmanın çərşənbə axşamı Ağ Evə səfərindən bir neçə saat əvvəl Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələrinin satışını təsdiqləməyi düşündüyünü bildirib. NUHÇIXAN bu barədə CNN telekanalına istinadla xəbər verir.
Donald Tramp jurnalistlərə bildirib: “Görüşdə bu məsələyə müsbət cavab verəcəyəm. Biz F-35-ləri Səudiyyə Ərəbistanına satacağıq”.
ABŞ Prezidenti əlavə edib ki, Ər-Riyad “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan qabaqcıl təyyarələri almağa güclü maraq göstərib. O vurğulayıb: “Onlar çoxlu təyyarə almaq istəyirlər və mənim bu məsələ ilə bağlı cavabımı gözləyirlər. Səudiyyə Ərəbistanı əvvəlcə 35 ədəd F-35 satın almaq niyyətini bildirib, amma, əslində, bundan daha çox qırıcı təyyarə almaq istəyir”.
“Bloomberg” agentliyi ABŞ administrasiyası rəsmisinə istinadla bildirib ki, Tramp və vəliəhd şahzadənin görüşü zamanı Səudiyyə Ərəbistanına F-35-ləri almağa imkan verən razılığın əldə olunması gözlənilir, həmçinin gündəmdə mayeləşdirilmiş təbii qaz müqaviləsi də daxil olmaqla digər iqtisadi və müdafiə razılaşmaları var.
