Böyük Britaniyanın Müdafiə Nazirliyi ölkədə istifadəsiz qalan bir sıra neft emalı zavodlarını və kimya müəssisələrini yeni partlayıcı və sursat istehsalı üçün mümkün məkanlar kimi qiymətləndirib.
NUHÇIXAN “The Guardian”a istinadla xəbər verir ki, bu addım NATO çərçivəsində yenidən silahlanma təşəbbüsləri fonunda həyata keçirilən 6 milyard funt sterlinqlik investisiya proqramının bir hissəsidir.
Nazirlik tərəfindən aparılan araşdırmalar nəticəsində ən azı onlarla əlverişli ərazi müəyyən edilib. Onların sırasında Böyük Britaniyanın bu il fəaliyyətini dayandıran ən qədim neft emalı zavodunun yerləşdiyi Grangemouth, eləcə də Southampton, Teesside, Uelsdəki Milford Haven neft emalı zavodu və Ulverston (Kumbria qraflığı) kimi ərazilər də var. Bu məlumatlar Müdafiə Nazirliyinin göndərilən informasiya sorğusuna cavabında sənədləri gizlətməməsi nəticəsində təsadüfən üzə çıxıb. Nazirlik səhvə görə üzr istəyib və bu prosesin bəzi rəsmilərin və biznes tərəfdaşlarının məxfiliyini pozduğunu etiraf edib.
Nazirlik bildirib ki, hələlik heç bir qərar qəbul edilməyib, lakin ölkədə daimi fəaliyyət göstərən bir sıra sursat zavodlarının qurulması üçün 1,5 milyard funt investisiya planlaşdırılır.
