Yaponiyanın Kyuşu adasındakı Oita şəhərində böyük yanğın baş verib. Yaşayış məntəqəsini bürüyən alovlar bütün gecə boyu davam edib və hələ də tam söndürülməyib.
NUHÇIXAN xəbər verir ki, Yaponiya Milli Yanğınsöndürmə Departamenti çərşənbə günü yaşayış binaları da daxil olmaqla 170 tikilinin yanğın nəticəsində məhv olduğunu bildirib. Yanğın 350 evə elektrik enerjisinin verilməsini dayandırıb.
“Reuters” agentliyi bildirir ki, Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, Tokiodan təxminən 770 kilometr cənub-qərbdə yerləşən Oita Saqanoseki rayonunun təxminən 175 sakini təxliyə edilib.
Agentliyin məlumatına görə, bir nəfər hələ də itkin düşüb və yanğının səbəbi araşdırılır.
Yerli medianın havadan çəkdiyi fotoşəkillərdə evlərin xarabalığa çevrildiyi göstərilib.
Yaponiyanın mətbuat orqanları alovların yaxınlıqdakı meşəlik yamaclara da yayıldığını bildirib. Ölkənin Baş naziri Sanae Takaiçi “X” platformasında açıqlamasında bildirib ki, Oita prefekturası qubernatorunun xahişi ilə hadisə yerinə hərbi yanğınsöndürmə helikopteri göndərilib.
