Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı hərtərəfli və ətraflı araşdırma davam edir. Ekspert qrupunun üzə çıxardığı faktlar ilə bağlı açıqlama Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən veriləcək.
NUHÇIXAN xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı noyabrın 19-da Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının üzvləri qarşısında çıxış edərkən verib.
Türkiyə lideri 20 hərbçinin ailələrinə və yaxınlarına bir daha başsağlığı verib, ictimaiyyətin faciənin bütün təfərrüatları barədə məlumatlandırılacağına əminliyini bildirib.
Dövlət başçısı ölkədə terror təhlükəsinin tamamilə aradan qaldırılması səylərinə də münasibət bildirib.
“Terrorsuz Türkiyə” prosesi sayəsində nəhayət ki, Türkiyənin enerjisini yarım əsrdir tükəndirən buxovları atacağıq. Türkiyə hakimiyyəti 86 milyon vətəndaşının gələcəyi üçün məsuliyyətini dərk edir”, - deyə Prezident Ərdoğan bildirib.
Siyasətçi qeyd edib ki, onun rəhbərlik etdiyi partiyanın son 23 ildə göstərdiyi səylər sayəsində Türkiyə "bölgənin parlayan ulduzuna” çevrilib.
