Gürcüstanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericiliyə bir sıra dəyişikiklər olunur.
NUHÇIXAN xəbər verir ki, qanun layihəsində yol hərəkəti təhlükəsizliyinə təhlükə yaradan bəzi hərəkətlərə görə məsuliyyətin müəyyən edilməsi, eyni zamanda, nəzərdə tutulmuş sanksiya ilə qabaqlayıcı funksiyanın yerinə yetirilməsini təmin edə bilməyən xətalara görə inzibati və hüquqi məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur. Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze layihə ilə bağlı parlamentdə məlumat verib. Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən müəyyən edilmiş sürət həddini 15 km/saatdan artıq, lakin 40 km/saatdan çox olmamaqla aşması 100 lari (50 lari əvəzinə) cərimə ilə nəticələnir.
Nəqliyyat vasitəsini idarə edərkən sürücü və ya sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı cərimənin məbləği 50 lariyə qaldırılır (hazırda 40 lari). Nəqliyyat vasitəsini idarə edərkən mobil rabitə vasitəsindən istifadəyə görə cərimədə 50 lariyə qədər artırlır (30 lari idi).
Nazir müavini deyib ki, məsələ ilə bağlı Cinayət Prosessual Məcəlləsinə də bəzi normalar əlavə edilir.
Nəqliyyat vasitəsini səkidə və ya piyada keçidində saxlamaq 100 lari məbləğində cərimə ilə nəticələnəcək.
Mikroavtobusdan başqa hər hansı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin əks istiqamətində (“BUS zolağı”) hərəkət edən mikroavtobuslar üçün nəzərdə tutulmuş xüsusi zolaqda idarə etməyə görə 200 lari məbləğində cərimə tətbiq olunacaq.
A.Daraxvelidze bəzi statistik rəqəmləri də diqqətə çatdırıb: “2024-cü ildə yollarda 7587 yaralanma qeydə alınıb, qəzalar nəticəsində 444 nəfər dünyasını dəyişib. Bu ilin 9 ayının məlumatına görə, 6041 nəfər xəsarət alıb, 345 nəfər ölüb”.
“Ötən ilin eyni dövrünə nəzər salsaq, təkcə ölüm göstəricisi 41 fakt, qəzaların sayı isə 76 fakt artıb. Təhlillər göstərdi ki, qəzalar ən çox sürət həddinin aşılması nəticəsində baş verir. Buna görə də biz yol qəzalarının qarşısının alınmasına əhəmiyyətli töhfə verəcəyinə inandığımız dəyişiklikləri tətbiq etdik və diqqətimizi ən çox qəzalara və ölümlərə səbəb olan sanksiyalara yönəltdik”, - deyə daxili işlər nazirinin müavini bildirib.
Qeyd edək ki, qanun layihəsinin müəllifi Daxili İşlər Nazirliyi, təşəbbüskarı isə Gürcüstan hökumətidir.
