Türkiyədə əhalinin artım tempi azalır və doğum nisbəti fəlakətli 1.48 səviyyəsindədir. Millət qocalır. Ölkənin gələcəyi üçün həyəcan təbili çalınır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı “Beştəpə” elmi kitabxanasında ailə və mədəniyyət mövzusunda keçirilən simpoziumun iştirakçılarına müraciət edərkən deyib.
Dövlət başçısı müasir cəmiyyətin insanları daha çox təcrid edən fərdiyyətçiliyə üstünlük verməsindən təəssüfləndiyini bildirib.
“Ailə institutunu araşdıraraq millətin sərhədlərini anlayırıq və xalqı təhlil edərək isə onun yaratdığı mədəniyyəti dərindən öyrənirik”, - deyən Türkiyə lideri ailəni “tərbiyə və həyat məktəbi” adlandırıb.
Prezident qeyd edib ki, 2024-cü ilin sonunda Türkiyədə orta evlilik yaşı qadınlar üçün 25.8, kişilər üçün isə 28.3 olub.
“Statistikaya görə, Türkiyədə boşanmaların üçdəbiri evliliyin ilk beş ilində baş verir. 2008-ci ildə ölkəmizdə ailələrdə orta hesabla dörd nəfər yaşayırdısa, bu ilin əvvəlində bu rəqəm 3,11-ə düşüb”, - deyə Prezident bildirib. O, həmçinin Türkiyə hökumətinin növbəti 10 ili “Ailə və Əhali Onilliyi” elan etdiyini bildirib.
Bu baxımdan Prezident Ərdoğan gənc ailələrə daha fəal dəstək vermək planlarını açıqlayıb. “Evlənən gənc vətəndaşlara, eləcə də uşağın doğulmasına görə ödənişlər 2026-cı ildən etibarən artacaq”, - deyə siyasətçi bəyan edib.
