İran Prezidenti Məsud Pezeşkianın sözlərinə görə, ölkənin paytaxtını Tehrandan köçürmək lazımdır.
NUHÇIXAN rəsmi IRNA agentliyinə istinadla xəbər verir ki, Məsud Pezeşkian Qəzvin vilayətində keçirilən ictimaiyyətlə görüş zamanı bildirib: “Bu günün reallığı ondan ibarətdir ki, artıq seçimimiz yoxdur; paytaxtı köçürmək bir zərurətdir”.
Dövlət başçısı, ilk növbədə, bu addımın səbəbini su təchizatı problemləri ilə əlaqələndirib. O əlavə edib ki, Tehran əhalisinin sürətlə artması fonunda kəskin su qıtlığı humanitar fəlakətə gətirib çıxara bilər.
Mart ayında İran hakimiyyəti eyni vaxtda dörd vilayətdə - Rəzəvi Xorasan, Yəzd, İsfahan və Tehranda ciddi böhran ilə üzləşib. Bunun səbəbi illərlə davam edən quraqlıq olub.
İran hökumətinin bu bölgələrdə üzləşdiyi əsas problem çayların, bataqlıqların və su anbarlarının quruması, habelə su bəndlərinin səmərəliliyinin azalmasıdır.
