Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş direktoru general-leytenant Yaşar Kadıoğlu ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri gürcüstanlı həmkarları ilə birlikdə təyyarənin qəzaya uğradığı yerdə müvafiq axtarış-xilasetmə və istintaq hərəkətlərində iştirak ediblər.
İkitərəfli görüşdə Yaşar Kadıoğlu səmərəli fəaliyyətinə və koordinasiyalı əməkdaşlığa görə Geka Geladzeyə təşəkkür edib.
Türkiyəli generalın sözlərinə görə, təyyarənin qəzaya uğradığı yerdə işləyən gürcü polis bölmələri yüksək peşəkarlığı və standartları ilə seçilib.
Qeyd edək ki, Türkiyəyə məxsus hərbi təyyarə noyabrın 11-də Gürcüstan dövlət sərhədinin təxminən 5 kilometrliyində qəzaya uğrayıb. Nəticədə Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.
