Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq regional əməkdaşlığın ən yaxşı nümunəsidir. Bu cür əməkdaşlıq regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına da töhfə verir.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) Gürcüstanla dostluq qrupunun rəhbəri Faruk Çelik və qrupun üzvlərinin görüşündə səslənib.
Görüşdə iki ölkə arasında dostluq münasibətləri və yüksək səviyyədə qarşılıqlı səfərlərin müsbət dinamikası diqqət mərkəzində olub.
Tərəflər Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar. Qeyd olunub ki, bu format regional əməkdaşlığın yaxşı nümunəsi olaraq bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verir.
Həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh istiqamətində proseslər də müzakirə olunub.
Bölgədə dayanıqlı sülhün bərqərar olunmasının vacibliyi, Türkiyə və Gürcüstanın bu prosesdə mühüm rolu qeyd edilib.
