Noyabrın sonunda Misirin ev sahibliyi ilə keçirilməsi planlaşdırılan Qəzza zolağının yenidən qurulmasına dair beynəlxalq konfrans Fələstin anklavındakı vəziyyətlə əlaqədar təxirə salınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Asharq al-Awsat” qəzeti Misir mənbəsinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, konfrans planlaşdırıldığı kimi ayın sonunda baş tutmayacaq və daha sonra təşkil olunacaq. O, gecikmənin səbəblərini izah edərək bildirib ki, bir çox ölkələr Qəzzada dağıntıların təkrarlanmayacağına dair zəmanət istəyir, lakin İsrailin davam edən eskalasiyası fonunda belə zəmanətlərin verilməsi hazırda mümkün deyil. Mənbə, həmçinin əlavə edib ki, anklavın İsrail nəzarətində olan hissəsində vəziyyətlə bağlı “paralel səylər davam edir”.
Mart ayında Qahirədə Ərəb Liqasının fövqəladə sammiti keçirilib və nəticədə fələstinlilərin köçürülməsi olmadan mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulan Qəzza zolağının yenidən qurulması planı qəbul edilib. İlkin hesablamalara görə, yenidənqurma 53 milyard dollara başa gələcək. Qahirə, həmçinin hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qəzzanın bərpasına dəstək məqsədilə BMT ilə razılaşdırılmış beynəlxalq konfransın keçirilməsinə çağırıb. Oktyabr ayında Misir bu foruma ev sahibliyi etmək niyyətini təsdiqləyib.
