NATO və Ukrayna müdafiə innovasiyalarının genişləndirilməsilə bağlı birgə təşəbbüs elan edib

A- A A+

NATO və Ukrayna “İnnovasiya, texnologiya və mühəndislik proqramı”nı (UNITE - Brave NATO) elan edib.

NUHÇIXAN NATO-nun saytına istinadla xəbər verir ki, bu, sınaqdan keçirilmiş və prototipləşdirilmiş innovativ texnologiyaların geniş miqyasda tətbiqinə yönəlmiş ilk NATO-Ukrayna birgə proqramıdır.

Ukrayna tərəfindən koordinasiya ölkənin müdafiə texnologiyaları klasteri olan “Brave1” tərəfindən həyata keçiriləcək. NATO isə ilk müsabiqənin icrası üçün NATO Kommunikasiya və İnformasiya Agentliyini (NCIA) müəyyənləşdirib.

İlk müsabiqə pilotsuz uçuş aparatlarına qarşı mübarizəyə, hava hücumundan müdafiənin gücləndirilməsinə və cəbhə xətti üzrə rabitənin qorunmasına yönəlmiş yeni innovativ məhsulların tətbiqinə yönələcək. NATO və Ukrayna şirkətlərindən ibarət komandalar ümumi dəyəri 10 milyon avro olan və tərəflər arasında bərabər şəkildə maliyyələşdirilən birgə qrantlar üçün müraciət edə biləcəklər. Şirkətlər yaxın vaxtlarda onlayn şəkildə maraq ifadə edə biləcək, daha sonra isə 2026-cı ilin fevralında birgə təkliflərini təqdim edəcəklər. Pilot müsabiqənin uğurlu nəticələrindən sonra NATO və Ukrayna 2026-cı il üçün “UNITE - Brave NATO” proqramı üzrə maliyyəni 50 milyon avroyadək artırmağı planlaşdırır.

NATO Baş katibinin müavini Radmila Şekerinska və Ukrayna Baş nazirinin birinci müavini və rəqəmsal transformasiya naziri Mixailo Fedorov innovasiyalar sahəsində bu yeni əməkdaşlığın qabaqcıl müdafiə texnologiyalarının inkişafını sürətləndirəcəyinə imkan yaradacağını vurğulayıblar.

“UNITE-Brave NATO” proqramının fəaliyyəti gələcəkdə pilotsuz uçuş aparatlarına qarşı sistemlər (c-UAS), radioelektron kəşfiyyat sistemləri (SIGINT), elektromaqnit mühitin məhdudlaşdırıldığı şəraitdə etibarlı naviqasiya və pilotsuz quru sistemləri sahələrini də əhatə edəcək. Proqramın ilk müsabiqəsinin qalibləri 2026-cı ilin yazında keçiriləcək ikinci NATO-Ukrayna Müdafiə İnnovatorları Forumunda elan ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: