Rəcəb Tayyib Ərdoğan: Türkiyə sülhə, ədalətə və sabitliyə hədəflənib

A- A A+

Roma Papası XIV Leonun Türkiyəyə səfəri bəşəriyyət üçün xüsusi əhəmiyyət daşıyan kritik bir dövrə təsadüf edir. Ölkəmizdə Roma Katolik Kilsəsinin rəhbəri tərəfindən səsləndirilən bəyanatların həm Türk-İslam dünyasında, həm də xristian ölkələrində eşidiləcəyinə və insanların sülhə dair ümidlərini möhkəmləndirəcəyinə inanıram.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada, Türkiyə Milli Kitabxanasında XIV Leo ilə birgə mətbuat konfransı zamanı bildirib.

O, Papa XIV Leonun ilk xarici səfərinin Türkiyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.

Türkiyə lideri bildirib ki, Roma Papası ilə danışıqlar zamanı “Asiyadan Afrikaya, Latın Amerikasından Şərqi Avropaya qədər geniş coğrafiyada gərginlik ocaqlarının artdığı fonda sülh və sabitliyə dair ümumi gözləntilər səsləndirilib”.

“Qlobal miqyasda münaqişələr, humanitar böhranlar, yoxsulluq, ədalətsizlik və iqlim dəyişikliyi ilə bağlı problemlər fonunda sülhün qorunması və ədalətin təmin edilməsi məsələlərində Türkiyə və Vatikanın mövqelərinin üst-üstə düşməsinə səmimi qəlbdən sevinirəm. Biz, həmçinin evlərini tərk etməyə məcbur olan insanlara dəstək göstərilməsinin və miqrasiyanın əsas səbəblərinin aradan qaldırılmasının vacibliyi barədə ortaq fikri bölüşdük”, – deyə Prezident Ərdoğan qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə və onun xalqı həm Qərb, həm də Şərqlə dialoqa açıqdır. “2002-ci ildə hakimiyyətə gəldiyimiz gündən bəri Türkiyədə 100-ə yaxın kilsə, monastır və digər dini obyektlər bərpa olunub. Mən onların bir qisminin açılışında şəxsən iştirak etmişəm”, – deyən Prezident bu ilin sonunadək daha beş dini obyektin açılışının planlaşdırıldığını bildirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bütün Türkiyə vətəndaşları dini, milli və ya dil mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər. “Biz ölkəmizdə yaşayan vətəndaşların heç birinin ayrı-seçkiliklə üzləşməsinə imkan verməyəcəyik”, – deyə o bildirib.

Türkiyə Prezidenti BMT səviyyəsində dəstəklənən Türkiyə–İspaniya təşəbbüsü olan “Sivilizasiyalar Alyansı”nı da nümunə göstərib. “Son iyirmi ildə bu təşəbbüs 160-dan çox ölkə və beynəlxalq təşkilat tərəfindən dəstəklənib”, – deyə o əlavə edib.

Prezident, həmçinin ölkəsinin 3,6 milyon suriyalı qaçqına göstərdiyi səmimi münasibəti və Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması istiqamətində Ankaranın atdığı addımları xüsusi vurğulayıb.

“Regionumuzda böhranların və münaqişələrin aradan qaldırılmasına yönəlmiş addımlar atarkən biz maksimum dərəcədə məsuliyyətli davranırıq. Türkiyə asan yollar axtarmır, sülhə, ədalətə və sabitliyə hədəflənib. Eləcə də Roma Papasının sülhün təmin edilməsi və dialoqun təşviqi ilə bağlı çağırışlarını yüksək qiymətləndiririk”, – deyə Türkiyə Prezidenti söyləyib.

Dövlət başçısı ailə dəyərlərinin qorunmasının əhəmiyyətinə də toxunaraq vurğulayıb ki, “əgər biz ailə institutunu qoruya bilməsək, insanı da qoruya bilmərik”.

Sonda o, islamofobiya probleminə diqqət çəkib və bəzi media qurumlarının, sosial şəbəkə istifadəçilərinin və populist siyasətçilərin müsəlmanlara qarşı dözümsüzlüyü və ümumilikdə ksenofobiyanı qızışdırdıqlarını, bunun isə yolverilməz olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: