Biz prezident idarəetmə formasını qoruyub saxlayaraq “Güclü Prezident - nüfuzlu Parlament - hesabatlı Hökumət” prinsipini gücləndiririk.
NUHÇIXAN “Akorda”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev kənd akimləri üçün dialoq platformasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, parlament islahatı, sadəcə, iki palatanın mexaniki birləşməsi deyil.
“Hesab edirəm ki, deputatların sayının həddindən artıq artması məqsədəuyğun deyil. Əksinə, parlamentin işini optimallaşdırılmaq və təkmilləşdirmək lazımdır. Yeni birpalatalı parlamentdə prezident kvotası olmayacaq - bütün deputatlar vahid qaydada seçilməlidir. Bu, qarşıdan gələn parlament islahatlarında çox vacib bir addımdır. Bu tədbirlər ictimaiyyətə ətraflı izah edilməlidir”, - deyə Qazaxıstan dövlətinin başçısı bildirib.
Onun sözlərinə görə, qanunverici orqana həqiqətən ixtisaslı və təcrübəli mütəxəssislər gəlməlidir.
“Məqsədimiz peşəkar parlament yaratmaqdır. Həmçinin yeni komitələrin formalaşması məsələsi nəzərdən keçirilməlidir. Hesab edirəm ki, rəqəmsallaşdırma və regional inkişaf komitələri ayrıca qurumlar kimi fəaliyyət göstərməlidir. Bütün bu məsələlər xüsusi işçi qrupu tərəfindən hərtərəfli araşdırılacaq. Hərtərəfli hazırlanacaq və dərc olunacaq digər islahat təklifləri də var. Bu vacib mövzu ilə bağlı bir sıra təkliflərim də var. Ümumilikdə, Əsas Qanuna ediləcək düzəlişlərin sayı çox ola bilər. Buna görə də referendumda xalqın mahiyyət etibarilə yeni Konstitusiyaya səs verəcəyini demək səhv olmaz”, - deyə Qazaxıstan Prezidenti bildirib.
Prezident, həmçinin qeyd edib ki, belə mürəkkəb və məsuliyyətli bir dövrdə ölkədə sülhün və sabitliyin qorunması xüsusilə vacibdir.
“Birgə səylərimiz “Qanun və qayda” konsepsiyasının həyata keçirilməsinə yönəldilməlidir. Hüquq-mühafizə orqanları peşəkarlıqlarını nümayiş etdirməli, təxribatların və “kölgə” siyasi fəaliyyətlə məşğul olmaq cəhdlərinə yol verməməlidirlər”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.
