Qırğızıstanda 30 noyabr tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində seçici fəallığı 1 milyon 584 min nəfərdən çox olub. Bu da səsvermə hüququna malik əhalinin 37 faizinə bərabərdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Kabar” agentliyinə Mərkəzi Seçki Komissiyasının üzvü Abdıjapar Bekmatov məlumat verib.
Bir sıra dairələrdə yüksək fəallıq qeydə alınıb - həmin dairələrdə seçicilərin təxminən yarısı səs verib. Eyni zamanda, Bişkek ətrafında yerləşən dairələrdə fəallıq daha aşağı - 24 – 25 faiz təşkil edib.
Bekmatov bildirib ki, bu göstəricilər ilkin xarakter daşıyır və məntəqə seçki komissiyalarının protokolları işlənildikcə dəqiqləşdirilir.
Bazar günü Qırğızıstanda Joqorku Keneşin (birpalatalı parlamentin) deputatlarının növbədənkənar seçkiləri keçirilib.
Ölkə üzrə 30 çoxmandatlı dairə yaradılıb. Hər dairədən parlamentə üç deputat seçilir.
Ümumilikdə Joqorku Keneş 90 deputatdan ibarətdir. Seçicilərin yekun siyahısına 4 294 243 nəfər daxil edilib.
