Fransanın Yuxarı Luara departamentindəki Le Püi-an-Vele şəhərində bir qrup radikal yerli məscidə basqın edərək Qurani-Kərimin səhifələrini nümayişkaranə şəkildə cırıb.
NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, müqəddəs kitabın təhqir edildiyi məscid Türkiyə Din İdarəsinin Türk-İslam Birliyinin (DİTİB) balansındadır.
Ksenofobiyanın daha bir təzahürü Fransanın şərqindəki En departamentində qeydə alınıb. Burada naməlum şəxslər Monreal-la-Klüz kommunasında fəaliyyət göstərən türk icması birliyinin poçt qutusuna güllə qoyublar.
Fransa İslam Şurası (CFCM) islamofobiya və türkofobiyanı pisləyərək müsəlmanları Le-Püi-an-Vele məscid icması ilə həmrəy olmağa çağırıb.
CFCM Fransa hakimiyyətini radikalizmə qarşı ayıq-sayıq olmağa, müsəlmanları isə soyuqqanlı olmağa çağırıb.
Eyni zamanda, DİTİB-in bəyanatında Fransadakı türk icmasının nümayəndələri ilə həmrəylik ifadə edilib və Fransada “dinc birgəyaşayış ənənələrinin pozulmasının yolverilməzliyi” vurğulanıb.
