Rusiya və Ukrayna arasındakı müharibə Qara dənizdə gəmiçiliyə təhlükə yaradacaq səviyyəyə çatıb. Türkiyənin müstəsna iqtisadi zonasındakı ticarət gəmilərinə edilən hücum regionda narahatedici eskalasiyadan xəbər verir.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ankara özünün xüsusi dəniz zonasındakı gəmiçiliyə, insanların həyatına və ekoloji vəziyyətə yönəlmiş təhlükələri heç bir halda əsaslandırıla bilən hal kimi qəbul etmir: “Belə hallarda biz müvafiq tərəflərin hamısını xəbərdar edirik”.
Dövlət başçısı əlavə edib ki, Ankara Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılmasına yönəlmiş son həftələrin proseslərini diqqətlə izləyir. “Hər fürsətdə sülh səylərinə töhfə verməyə hazır olduğumuzu bəyan edirik”, – deyə Türkiyə lideri vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara regionda və dünyada baş verən prosesləri tənzimləmək üçün bütün imkanlara malikdir: “Çağırışlara və mənfi proseslərə baxmayaraq, Türkiyə “sabitlik və etimad adası olaraq qalır. Ölkəmiz və xalqımız heç bir təhdid qarşısında geri çəkilməyəcək. Tarix bizim qarşımıza qoyduğumuz məqsədlərə çatma nümunələri ilə doludur”.
Türkiyə Prezidenti, həmçinin ölkənin iqtisadi nailiyyətlərinə də toxunub və vurğulayıb ki, son 23 ildə ÜDM-in həcmi 238 milyard dollardan 1,5 trilyon dollara yüksəlib.
“Bizim hədəfimiz 2028-ci ilə qədər Türkiyə iqtisadiyyatının həcmini 1,9 trilyon dollara çatdırmaqdır. Mövcud əsri “Türkiyə Əsri” etməyə çalışacağıq”, – deyən Ərdoğan qeyd edib ki, ölkə iqtisadiyyatı artıq ardıcıl 21 rübdür davamlı olaraq artır.
