Cənubi Koreya çoxməqsədli “Arirang 7” peykini orbitə çıxarıb

A- A A+

Cənubi Koreyanın çoxməqsədli “Arirang 7” peyki “Arianespace” şirkətinin istehsalı olan “Vega-C” daşıyıcı raketi ilə orbitə çıxarılıb.

NUHÇIXAN Cənubi Koreya mediasına istinadla xəbər verir ki, raket Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasının Kuru kosmodromundan Seul vaxtı ilə gecə saatlarında buraxılıb.

Koreya Aerokosmik Administrasiyasının məlumatına görə, buraxılışdan 44 dəqiqə sonra peyk planlaşdırılan orbitə çatıb. Ultrayüksək dəqiqlikli elektro-optik kamera və infraqırmızı sensor ilə təchiz olunan “Arirang 7” ətraf mühitin, təbii fəlakətlərin monitorinqi üçün yüksəkkeyfiyyətli şəkillər ötürəcək. Peykin sınaqları bitdikdən sonra 2026-cı ilin birinci yarısından istismarına başlanılacaq.

Koreya Aerokosmik Administrasiyasının rəhbəri Li Sanq-çol bildirib ki, “Arirang 7” ölkəsinə Yerin müşahidəsi imkanlarını artırmağa imkan verəcək.

Növbəti mərhələdə 2026-cı ildə “Arirang 6” peykinin orbitə çıxarılması planlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: