Hava hədəfini vuran “Bayraktar KIZILELMA” dünyada bir ilkə imza atdı

A- A A+

“Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi “hava-hava” tipli GÖKDOĞAN raketi ilə sınaq atışı həyata keçirib. Sınaqda aviasiya tarixində ilk dəfə olaraq pilotsuz döyüş təyyarəsi tərəfindən görmə məsafəsindən uzaq “hava-hava” raketi ilə reaktiv mühərrikli hava hədəfi vurulub.

NUHÇIXAN xəbər verir ki, dünya mediasında bu nailiyyət sadəcə sınaq mərhələsi deyil, Türkiyənin hava döyüşlərinin gələcəyi ilə bağlı strateji baxışının konkret nümayişi hesab olunur. Belə ki, KIZILELMA-nın vizual mənzili aşan hava-hava raketi ilə reaktiv mühərrikli hədəfi vurduğu sınaq dünyanın müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Beynəlxalq aləmdə böyük əks-səda yaradan bu nailiyyət dünyada ilk təsdiqlənmiş reaktiv hədəfin vurulması olaraq aviasiya tarixində sıçrayış kimi qəbul olunub. Dosta güvən, düşmənə qorxu yaşadan bu uğur, Türkiyənin hava-hava döyüşündə xarici mənbələrdən asılılığını azaldan yeni nəsil hərbi hava qüvvələri arxitekturası üçün mühüm nailiyyətdir.

Şirkət rəsmiləri raketin birbaşa hədəfi vurduğunu və indiyə qədər yalnız pilotlu qırıcı əməliyyatlarda mövcud olan qabiliyyəti nümayiş etdirdiyini bildiriblər. Belə ki, Baykar şirkəti KIZILELMA-nın Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 5 ədəd F-16 və bir ədəd AKINCI ilə birlikdə uçduğunu göstərən video yayımlayıb. Koordinasiya edilmiş bu missiya Türkiyənin bir çox platformada inkişaf etdirdiyi insanlı-insansız komanda konseptlərini təsdiqləyib. Təyyarə hələ silahlanmaya qəbul edilməsə də, sınaq Türkiyənin KIZILELMA-nı gələcək hava döyüş doktrinasının əsas elementi kimi yerləşdirmək niyyətində olduğunu göstərir. Onun uzun məsafəli tapşırıqları yerinə yetirmək qabiliyyəti ölkənin hava hücumundan müdafiə, sərhəd təhlükəsizliyi və regional çəkindirmə missiyaları üçün seçimlərini genişləndirə bilər. Çünki, dünyada hələ heç bir insansız platformanın “hava-hava” atəş imkanına sahib olmadığı bir vaxtda “Bayraktar KIZILELMA” yeganə pilotsuz döyüş təyyarəsi kimi aviasiya tarixində yeni dövrün əsasını qoyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: