Malayziya Hava Yollarının 2014-cü ildə qəzaya uğramış təyyarəsinin axtarışları dekabrın 30-da bərpa ediləcək.
NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, bu barədə Malayziyanın Nəqliyyat Nazirliyi açıqlama yayıb.
ABŞ-ın “Ocean Infinity” ilə imzalanmış müqavilə əsasında şirkət 55 gün ərzində dənizin dibində axtarış işləri aparacaq. Axtarışlar təyyarənin aşkarlanma ehtimalının ən yüksək olduğu ərazidə aparılacaq.
Qeyd edək ki, 2014-cü il martın 8-də Kuala-Lumpur - Pekin reysini (MH370) həyata keçirən “Boeing 777-200” təyyarəsi radarlardan itib. Göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal edilir. Avstraliya, Çin və Malayziyanın birgə axtarışları 2017-ci ilin yanvarında heç bir nəticə vermədən dayandırılıb. İtkin düşmüş MH370 reysinin təhqiqatı üzrə Malayziya dövlət komissiyasının 2018-ci ilin iyulunda dərc etdiyi hesabata əsasən, laynerin radarlardan itməsinin səbəblərini tam şəkildə araşdırmaq mümkün olmayıb.
