Türkiyədə doğum nisbəti tezliklə Avropa İttifaqı ölkələri səviyyəsindən aşağı düşə bilər ki, bu da ölkənin gələcəyini təhdid edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz bildirib. Onun sözlərinə görə, Türkiyədə doğum nisbəti 2017-ci ildə 2,08-ə bərabər idisə, 2024-cü ilə qədər göstərici 1,48-ə düşüb, qlobal orta göstərici isə hazırda 2,25 təşkil edir.
C.Yılmaz son illərin demoqrafik göstəricilərinə diqqət çəkərək, Türkiyənin doğum nisbətinin azalma sürətinə görə dünyada Çin, Cənubi Koreya, Argentina və Küveytdən sonra beşinci yerdə olduğunu qeyd edib. “Əhalinin səviyyəsini qorumaq üçün istənilən ölkə doğum nisbətini 2,1 və ya daha yüksək səviyyədə saxlamalıdır”, - deyə vitse-prezident bildirib və qeyd edib ki, son 250 ildə Türkiyə əhalisinin orta yaşı 24,8-dən 34,4-də qədər artıb.
Siyasətçi Türkiyə Statistika İdarəsinin (TÜİK) proqnozlarını xatırladaraq bildirib ki, onlara görə, Türkiyə əhalisinin orta yaş həddi növbəti 10 ildə 40-a yaxınlaşacaq.
“2000-ci illərdə 65 və daha yuxarı yaşda olan Türkiyə vətəndaşlarının sayı əhalinin ümumi sayının 5,7 faizini təşkil edirdisə, 2023-cü ilə qədər bu rəqəm artıq 10 faizi keçib. Əgər mövcud tendensiya davam edərsə, 20 ildən sonra yaşlı vətəndaşların faizi 20 faizi keçəcək”, - deyə siyasətçi xəbərdarlıq edib.
C.Yılmaz gəncləri “ölkənin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıran strateji dəyər” adlandırıb.
“Hazırkı artım tempində Türkiyə əhalisi heç vaxt 100 milyon nəfər həddə çatmayacaq. 2050-ci ilə qədər əhali 94 milyona, 2100-cü ilə qədər isə 77 milyona düşəcək. Türkiyə də daxil olmaqla, inkişaf etməkdə olan ölkələr üçün gənclərin sayını qorumaqla yanaşı, rifahı artırmaq vacibdir”, - deyə vitse-prezident vurğulayaraq, gənc ailələr üçün yeni sistemli dəstək modelinin hazırlandığını və bunun 2027-ci ildə tətbiq oluna biləcəyini bildirib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş bundan əvvəl bildirmişdi ki, hazırda türk ailələrinin 57 faizində 18 yaşdan kiçik uşaq və ya yeniyetmə yoxdur. Bundan əlavə, artıq növbəti beş ildə Türkiyədə ibtidai sinif şagirdlərinin sayı 900 min nəfər azalacaq.
