Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) quş və donuz qripinin insanlar arasında yayılma riskinə qarşı mübarizə strategiyalarını müəyyənləşdirir.
NUHÇIXAN xəbər verir ki, qurum bu istiqamətdə Avropa ölkələrinə heyvan mənşəli qrip təhlükələrini, o cümlədən mümkün pandemiyaların aşkarlanması və onlara cavab verməkdə yardım məqsədilə bələdçi və alətlər təqdim edib.
Qurumun məlumatında bildirilib ki, bu payız Avropada quş qripinun vəhşi quşlar və ev quşları arasında kəskin şəkildə artması insanların yoluxmuş heyvanlarla təmas riskini artırıb. Quşlar arasında görünməmiş miqyasda baş verən epidemiyalar erkən aşkaretmənin və hazırlığın vacibliyini göstərir. Hazırda risk aşağı olsa da, quş qripi genişmiqyaslı heyvan epidemiyaları səbəbindən ictimai sağlamlıq üçün ciddi təhdid olaraq qalır.
Yeni sənəd heyvandan insana yoluxma hallarının aşkarlanması və onlara operativ cavab verilməsi üçün praktik fəaliyyət çərçivəsi təqdim edir. Sənəddə mövcud vəziyyətdən başlayaraq mümkün insan yoluxmaları və pandemiya ssenarilərinə qədər müxtəlif hazırlıq və cavab variantları əksini tapıb. O, üzv ölkələrə nəzarət və laboratoriya testlərinin gücləndirilməsi, fərdi mühafizə vasitələrinin təminatı və əhali ilə aydın kommunikasiya daxil olmaqla bir sıra tədbirləri həyata keçirməyə imkan verir.
