2025-ci ilin ilk 10 ayında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Çindən 292 konteyner qatarı yola salınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artım deməkdir.
NUHÇIXAN “Rail-news.kz”ə istinadən xəbər verir ki, bu artımda əsas amil qurulmuş terminal sistemi və Çinlə effektiv logistikanın təşkili olub.
Sian quru limanındakı Qazaxıstan-Çin terminalı əhəmiyyətli yük daşımalarını idarə edən əsas terminala çevrilib. Onun 2024-cü ildə istifadəyə verilməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca Çindən tranzitin 33 dəfə artmasına imkan verib.
Qazaxıstanın bu marşrutdakı mövqeyi Aktau limanındakı konteyner mərkəzi və Almatıdakı JETİSU logistika terminalı ilə daha da möhkəmlənəcək.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələri ilə birləşdirir.
