ABŞ Hərbi Dəniz Qüvvələri yaz aylarında Yəmənə qarşı əməliyyat zamanı iki F-18 döyüş təyyarəsinin itirilməsini “streslə” əlaqələndirib.
NUHÇIXAN xəbər verir ki, CBS telekanalı bu barədə müvafiq araşdırmaya istinadla məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələri aprel və may aylarında “USS Harry S. Truman” aviadaşıyıcısının başçılıq etdiyi döyüş qrupu ilə bağlı bir neçə insidenti araşdırıb. O zaman qırıcılardan biri yedəyə alınarkən, ikincisi isə tutma mexanizmində nasazlıq səbəbindən dənizə düşüb. İstintaq həmçinin döyüş qrupundakı gəmilərin öz təyyarələrinə səhvən atəş açılması ilə bağlı bir neçə faktı da aşkar edib. İnsidentlər nəticəsində heç kim ciddi xəsarət almayıb.
Telekanalın istinad etdiyi sənəddə “USS Harry S. Truman” aviadaşıyıcısının iştirak etdiyi əməliyyat zamanı təyyarələrin 72 saat fasiləsiz uçuşlar həyata keçirdiyi, 52 gün havada qalaraq husilərə qarşı mindən çox hava zərbəsi endirdiyi bildirilir.
Yəmən ordusu isə döyüş təyyarələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcısına hücumları nəticəsində itirildiyini iddia edir.
