Almaniya parlamenti (Bundestaq) uzun və gərgin müzakirələrdən sonra bugünkü iclasında yeni hərbi xidmət haqqında qanunu qəbul edib.
NUHÇIXAN xəbər verir ki, yeni qanun 2008-ci il təvəllüdlü gənclərdən başlayaraq kişilər üçün məcburi tibbi müayinənin tətbiqini nəzərdə tutur. Lakin hərbi xidmətə getmək könüllülük əsasında həyata keçiriləcək. Bu proses 2027-ci ilin iyulun 1-dən sonra başlayacaq. Almaniya Silahlı Qüvvələri (Bundesver) həmin vaxta qədər prosesi həyata keçirmək üçün lazımi infrastrukturu formalaşdırmalıdır.
Müdafiə naziri Boris Pistorius parlamentdəki müzakirələrdəki çıxışında Almaniyanın artıq Avropada müdafiənin lokomotivinə çevrildiyini qeyd edərək hərbi xidmətin modernləşdirilməsi haqqında qanunla ölkənin müdafiə qabiliyyətinin artırılması üçün daha bir həlledici addımın atıldığını bildirib. “Bu hərbi xidmət könüllüdür və hər şey bizim düşündüyümüz kimi yaxşı gedərsə, belə də qalacaq. Amma əgər bu, kifayət etməsə və təhlükəli vəziyyət bu templə və ya daha ağır şəkildə inkişaf edərsə, ölkəni qoruya bilmək üçün qismən məcburi hərbi öhdəlikdən yan keçə bilməyəcəyik”, - deyə nazir vurğulayıb.
“Zeit” qəzetinin məlumatına görə, Rusiyadan gələn təhlükənin artması fonunda NATO çərçivəsində razılaşdırılmış öhdəlikləri yerinə yetirmək üçün Bundesverin ehtiyat qüvvələr də daxil olmaqla 460 min nəfərlik şəxsi heyətə ehtiyacı var. 2035-ci ilədək Bundesverdə təxminən 260 min aktiv hərbçinin olması nəzərdə tutulur. Bu ilin oktyabrın sonuna olan məlumata görə, hazırda aktiv şəxsi heyətin sayı 184 min nəfərdir.
