Fransada dinə əsaslanan ayrı-seçkilik hallarının artması ilə bağlı Hüquq Müdafiəçisi qeyri-hökumət təşkilatı tərəfindən yayımlanan son hesabat ictimai və institusional səviyyədə ciddi narahatlıq doğurub. Hesabatda ölkədə dini mənsubiyyətə görə diskriminasiyaya getdikcə daha çox göz yumulduğu, bəzi hallarda isə adi hadisə kimi qəbul edildiyi bildirilir.
NUHÇIXAN xəbər verir ki, “Ipsos” İnstitutunun keçirdiyi “Hüquqlara çıxış” sorğusuna əsasən, son beş il ərzində əhalinin 7 faizi dini səbəblərə görə ayrı-seçkiliklə qarşılaşdığını bildirib.
Bu göstərici 2016-cı ildə 5 faiz idi. Hesabatda qeyd olunur ki, diskriminasiyaya məruz qalma halları insanların həyatının təhsil, məşğulluq, mənzil, xidmətlərə çıxış və ictimai fəaliyyətlər kimi müxtəlif sahələrində müşahidə edilir. Müsəlman və ya belə qəbul edilən şəxslər arasında ayrı-seçkiliyə məruz qalma göstəricisi 34 faizə çatıb (2016-cı ildə 27 faiz), xristianlar arasında isə bu rəqəm 4 faiz olaraq qalır.
Hesabatın məlumatına görə, müsəlman qadınlar ən çox hədəfə alınan qrup kimi qeyd edilir. Respondentlərin 38 faizi ayrı-seçkiliyə məruz qaldığını bildirib, bu göstərici müsəlman kişilər arasında 31 faiz təşkil edir. Hüquq Müdafiəçiləri iki əsas amili xüsusi vurğulayıblar. Dini mənsubiyyətin bilinməsinə görə - yəni dini simvol, xüsusilə hicab daşıyan qadınların 15 faizi diskriminasiyaya məruz qalıb. Ayrı-seçkilik halları əsasən məşğulluq sahəsində müşahidə olunur. Din və etnik mənşəyin üst-üstə düşməsinə görə, başqaları tərəfindən “ərəb” kimi qəbul edilən şəxslərin 41 faizi dinlərinə görə ayrı-seçkilik yaşadığını qeyd ediblər.
Hesabatda xüsusi vurğulanır ki, diskriminasiya halları çox vaxt hüquq pozuntuları ilə müşayiət olunur. Buraya ictimai məkanda təhqirlər, anti-müsəlman və antisemit hücumlar, ibadət yerlərinə qarşı vandalizm, habelə kiberhücumlar daxildir. Hüquq Müdafiəçisi təşkilatının rəhbəri Kler Hedon bu halların qurbanlarda narahatlıq, sosial təcrid, iqtisadi çətinliklər və qurumlara inamın azalması kimi mənfi nəticələr doğurduğunu bildirir. Hesabatda qeyd olunan paradoksa əsasən, separatizm və icmaçılıqla mübarizə məqsədilə tətbiq edilən bəzi tədbirlər əksinə, bu meyillərin güclənməsinə səbəb ola bilər.
İnsan Haqları Milli Komissiyasının 2024-cü il məlumatı göstərir ki, respondentlərin 24 faizi dünyəviliyi ictimai məkanda dini simvolların qadağan edilməsi kimi yozur. Hüquq Müdafiəçiləri təşkilatı bunun 1905-ci il qanununda təsbit olunmuş prinsipin yanlış təfsiri olduğunu bildirir.
Rəsmi sənəddə qeyd olunur ki, bəzən dünyəvilik konsepsiyası kollektiv ateizm kimi təqdim edilərək dini ifadələrin məhdudlaşdırılmasına vasitə kimi istifadə olunur. Problemin aradan qaldırılması üçün dünyəvilik mövzusunun ibtidai təhsildən başlayaraq standart dərs proqramlarına daxil edilməsi təklif olunur.
Hüquq Müdafiəçisi təşkilatının rəhbəri Kler Hedon dinə görə ayrı-seçkiliklə mübarizənin təkcə hüquqi öhdəlik deyil, həm də Fransa cəmiyyətinin sosial birliyinin qorunması üçün əsas şərt olduğunu vurğulayıb. O, dövlət qurumlarını və cəmiyyəti bu məsələyə daha ciddi yanaşmağa çağırıb və diskriminasiyaya qarşı mübarizədə daha geniş maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
