Türkiyədə doğum səviyyəsi 11-ci ildir azalmaqdadır

A- A A+

Türkiyədə 11 ildir, 2014-cü ildən əhalinin hər bir nəfərinə düşən doğum səviyyəsi azalmaqdadır. Artıq ölkədə fasiləsiz davam edən bu vəziyyət əhalinin özünüyeniləmə səviyyəsi kimi qəbul edilən 2,10 həddindən nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

NUHÇIXAN xəbər verir ki, mütəxəssislər Türkiyə əhalisinin artım sürətinin son illərdə nəzərəçarpacaq dərəcədə yavaşlamasını ölkənin demoqrafik vəziyyətinə köklü və qalıcı dəyişikliklərə yol aça biləcəyini bildiriblər. Onların fikrincə, doğum səviyyəsindəki geriləmə uzunmüddətli perspektivdə təkcə əhali artımını yavaşlatmaqla kifayətlənməyəcək, həm də işçi qüvvəsinin azalması, sosial təminat sisteminə yükün artması, səhiyyə və baxım xərclərinin yüksəlməsi kimi bir çox problemlərin yaranmasına da səbəb olacaq.

Türkiyənin Statistika Qurumunun (TÜİK) apardığı araşdırmaya görə, ölkədə ümumi doğum əmsalı 2001-ci ildə hər qadına 2,38 uşaq olduğu halda, 2024-cü ildə 1,48-ə düşüb.

Türkiyənin yaşadığı bu demoqrafik vəziyyəti dəyərləndirən TÜİK sədrinin müavini Furkan Metin doğum əmsalının 1,4-ə enməsini həyəcan təbili kimi xarakterizə edib. O qeyd edib ki, Türkiyə ötən ildən etibarən “çox yaşlı ölkələr” sinfinə daxil olub və növbəti 25 il ərzində ölkədə yaşlı əhali nisbəti 25 faizdən artıq ola bilər. Doğum səviyyəsindəki azalma bu şəkildə davam edərsə, təxminən 40 il ərzində Türkiyənin orta yaşı həddi 45-i keçə bilər.

Hazırda çox ciddi əhali böhranı yaşandığını, doğum səviyyəsindəki azalmanın daha 10 il davam etməsi halında geri dönüşü olmayan bir mərhələyə keçilə biləcəyini bildirən F.Metin, həmçinin Türkiyənin qeysəriyyə doğum nisbətinə görə dünyada ilk sırada olduğunu deyib. O, Avropanın bir çox ölkəsinin yaşlanma ilə bağlı yaşadığı problemlərin Türkiyədə də görülməyə başlayacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: