Böyük Britaniyanı cənginə alan “Bram” qasırğası səbəbindən ölkənin geniş ərazilərində minlərlə abonent işıqsız qalıb.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Londonu İngiltərənin cənub-qərbi və Uelsin cənubu ilə birləşdirən dəmir yolu xətlərinin qrafiki pozulub, Şotlandiyada da bir sıra marşrutlarda ciddi gecikmələr qeydə alınır. Dublinə və bu şəhərdən uçan 40-dan çox aviareys ləğv edilib.
Uelsin cənubu və İngiltərənin cənub-qərbi üçün həyati təhlükə yarada biləcək sel riski ilə bağlı narıncı xəbərdarlıq yayılıb. Bir neçə nəqliyyat hadisəsi səbəbindən Mançester bölgəsində M66 avtomobil yolunun bir hissəsi bağlanıb. Günün ikinci yarısından isə Şotlandiyanın şimal-qərbi və Şimali İrlandiyanın bəzi hissələrində güclü külək üçün narıncı xəbərdarlıq qüvvəyə minəcək.
Bundan əlavə, Şimali İrlandiya, Şotlandiya, Uels, Şimali İngiltərə və cənub-qərbi İngiltərənin böyük hissəsində narıncı səviyyəli külək və yağış xəbərdarlıqları da mövcuddur. Fırtınanın təsiri xüsusilə York şəhərində hiss olunur. Ouse çayının səviyyəsi güclü yağış səbəbindən qalxıb və daşqınlar müşahidə olunur.
