Sərhəd toqquşmaları ilə əlaqədar 100 mindən çox kambocalı təxliyə olunub

A- A A+

Tailand ilə Kamboca arasında 4 gündür davam edəm sərhəd toqquşmaları ilə əlaqədar 100 mindən çox kambocalı sərhədə yaxın ərazidən təxliyə edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kambocanın Müdafiə Nazirliyi açıqlama verib. Qurum rəsmisi xanım Mali Soçeata bildirib ki, Tailand ordusu dekabrın 7-dən bəri Kambocanın hərbi mövqelərinə və mülki ərazilərinə zərbələr endirmək üçün F-16 qırıcı təyyarələri də daxil olmaqla ağır və dağıdıcı silahlardan istifadə edir. Sərhəd zonadakı yaşayış məntəqələrinin sakinləri təhlükəsiz ərazilərə köçürülür.

Kamboca tərəfi dekabrın 9-da Tailand ordusunun ölkənin Kambocanın qərbindəki Pousat əyalətində mülki əhalinin yaşadığı əraziləri artilleriya atəşinə tutduğunu, həmçinin F-16 qırıcılarının Oddar-Miençey əyalətinin inzibati mərkəzi Samrounq şəhərini bombaladığını bildirib. Hava hücumları nəticəsində yaşayış binalarına və infrastruktur obyektlərinə ciddi zərər dəyib. Son məlumata görə, sərhəddəki atışmalarda Kamboca tərəfdən 7 mülki şəxs ölüb, 20 nəfər xəsarət alıb.

Qeyd edək ki, Tailand və Kamboca bir əsrdən çoxdur 817 kilometrlik quru sərhədləri boyunca işarələnməmiş nöqtələr, o cümlədən Preahvihear məbəd kompleksi ətrafındakı ərazilərdə suverenlik mübahisəsi aparır. Bu sərhədlər ilk dəfə 1907-ci ildə Fransa tərəfindən Kambocanı müstəmləkə kimi idarə edərkən əbədiləşdirilib. Ötən müddətdə insan ölümü ilə nəticələnən bir neçə atışma olub. Dekabr toqquşmalarına görə tərəflər bir-birini ittiham edir. Kamboca Müdafiə Nazirliyi Tailand qüvvələrinin onların mövqelərinə zərbələr endirdiyi, lakin buna cavab verilmədiyini açıqlayıb.

Tailand tərəfi Kambocanı toqquşmalara və atəşkəs barədə razılığı pozmaqda ittiham edir. Tailand ordusundan bildirilib ki, Kamboca sərhədə ağır silahları səfərbər edib, döyüş bölmələrini yenidən dislokasiya edib və hərbi səyləri gücləndirə biləcək dəstək elementləri hazırlayıb. Tailand ordusunun məlumatına görə, ölkənin dörd sərhəd rayonundan 385 mindən çox mülki şəxs təxliyə edilib, onların 35 mindən çoxu artıq müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Ölkələr arasında yavaş-yavaş alovlanan sərhəd mübahisəsi iyul ayında beşgünlük münaqişəyə çevrilib və bundan sonra Malayziyanın Baş naziri Ənvər İbrahim və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə atəşkəs əldə edilib. ABŞ Prezidenti oktyabr ayında Kuala-Lumpurda iki ölkə arasında genişləndirilmiş sülh sazişinin imzalanması mərasimində də iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: