Böyük Britaniyanın təcili yardım sahəsində vəziyyətin kritik həddə çatdığını göstərən yeni tədqiqat ölkədə “dəhliz müalicəsinin” adi hal aldığını üzə çıxarıb.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, Kral Təcili Tibb Kollecinin təcili yardım üzrə tədqiqat şəbəkəsinin apardığı araşdırmaya görə, təcili tibbi yardım tələb edən hər beş xəstədən biri xəstəxanaların dəhlizlərində və ya gözləmə otaqlarında müalicə olunur. Bəzi hallarda xəstələrin palata yatağı əldə etmək üçün iki gün gözlədiyi qeyd edilib.
Bildirildiyinə görə, 2025-ci ilin mart ayında ölkə üzrə 165 təcili yardım şöbəsindən toplanmış beş ayrı məlumat bazası təhlil edilib. Nəticələr göstərib ki, 10 min nəfərdən çox xəstə adi tibbi xidmət üçün nəzərdə tutulmayan “eskalasiya zonalarında”- dəhlizlərdə, gözləmə otaqlarında, iki dəfə istifadə olunan palatalarda və ya xəstəxanaların qarşısında 15 dəqiqədən çox gözləyən təcili yardım maşınlarında xidmət alıb.
Mütəxəssislər dəhlizlərdə müalicəni utancverici və endemik problem adlandıraraq, bunun artıq Böyük Britaniya səhiyyəsində adi və davamlı praktika halına gəldiyini bildirirlər.
