Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib - FOTOLAR
Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib. Tutqun havaya baxmayaraq, zalın daxilində parlaq gecə geyimləri və gül kompozisiyaları sayəsində bayram ab-havası hökm sürüb.
NUHÇIXAN xəbər verir ki, mərasim Nobel Fondunun sədri Astrid Söderberq Viddinqin çıxışı ilə başlayıb. O, çıxışında elmin bəşəriyyətin ümumi dili olduğunu vurğulayıb.
Musiqi proqramının müşayiəti ilə keçirilən mərasim zamanı Kral XVI Karl Qustav tərəfindən laureatlara medallar və diplomlar təqdim edilib.
İlk olaraq fiziklər Con Klark, Mişel H.Devore və Con M.Martinis mükafatlandırılıblar. Daha sonra kimya, fiziologiya və ya tibb, ədəbiyyat və iqtisadiyyat üzrə laureatlar təltif olunublar. Zalda kral ailəsinin üzvləri, siyasətçilər və Nobel Fondunun nümayəndələri də daxil olmaqla təxminən 1300 qonaq iştirak edib. İlk dəfə olaraq müxtəlif məktəblərin yuxarı sinif şagirdləri də mərasimə dəvət olunublar.
Mərasimdən sonra iştirakçılar Stokholm Bələdiyyə Binasına yollanıblar. Orada onlar üçün Nobel menyusu, əyləncə proqramı və rəqslər nəzərdə tutulub.