Avstriyada 574 şikayətçi vahid ərizə əsasında “Volkswagen” avtomobil konsernini məhkəməyə verib.
NUHÇIXAN xəbər verir ki, məhkəmə işinə Klaqenfurt Əyalət Məhkəməsində baxılacaq və bütün şikayətçiləri İstehlakçıların Müdafiəsi Cəmiyyəti təmsil edəcək.
Məhkəmə ilkin mərhələdə bu şikayətə baxılması üzrə səlahiyyətli məhkəmə olması barədə məsələyə aydınlıq gətirməlidir. Ümumi dəyəri 3,6 milyon avroya bərabər təzminat iddiası son dövrlərdə konsernin dizel mühərrikli avtomobilləri ilə bağlı qalmaqala söykənir. Avtomobillərin havaya buraxdığı zərərli qazlara dair göstəriciləri manipulyasiya edən konsern dünyanın müxtəlif ölkələrində təzminat çəkişmələri ilə üz-üzədir.
“Volkswagen” şirkətindən məhkəmə çəkişməsi ilə bağlı verilən açıqlamada bildirilir ki, şirkət Almaniyada yerləşdiyinə görə, bu şirkətə qarşı məhkəmə qaydasında bütün iddialar həmin ölkənin məhkəmələrində qaldırılmalıdır. İstehlakçıların Müdafiəsi Cəmiyyəti isə şikayətçilərin yaşadıqları ərazidəki məhkəmələrə müraciət etmək hüququna malik olduqlarını iddia edib.
Martın 27-də keçiriləcək ilk iclasda məhkəmə Avropa İttifaqı Məhkəməsinə hansı ölkə məhkəmələrinin məsul olması barədə sorğu göndərməlidir.