Terror təhlükəsinin qəti şəkildə aradan qaldırılması Türkiyənin inkişafına güclü təkan verəcək.
NUHÇIXAN xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada TİSK həmkarlar ittifaqı təşkilatının 39-cu yığıncağında çıxışı zamanı bildirib.
Türkiyə lideri xatırladıb ki, onilliklər boyu aparılan terrorla mübarizə ölkəyə ümumilikdə 2 trilyon ABŞ dolları həcmində ziyan vurub.
Ərdoğanın sözlərinə görə, hökumət “Terrorizmsiz Türkiyə” təşəbbüsünə maksimum konstruktiv yanaşma nümayiş etdirir: “Bu gün biz geniş siyasi və ictimai konsensusun formalaşdırılmasına çalışırıq. İstəyirik ki, terrorizm problemi Türkiyənin gündəmindən birdəfəlik çıxsın”.
Dövlət başçısı parlamentin milli həmrəylik, qardaşlıq və demokratiya komissiyasının fəaliyyətinin əhəmiyyətini vurğulayaraq bildirib ki, komissiyanın hesabatı terrorizm probleminin aradan qaldırılması ilə bağlı ümumi baxışın formalaşmasına yol açacaq.
Prezident “xırda ambisiyalara uymamağa” çağırış edib. “Qarşıya qoyulan hədəfdən geri çəkilmək olmaz”, - deyə Prezident vurğulayıb və bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə dəvət edib.
