Özbəkistan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində 2027-ci ili "Preventiv diplomatiya ili" elan etməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Aşqabadda keçirilən "Sülh və etimad: davamlı gələcək üçün məqsədlər birliyi" adlı plenar iclasda bəyan edib.
"Özbəkistan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində 2027-ci ili "Preventiv diplomatiya ili" elan etməyi nəzərdə tutur", - Ş.Mirziyoyev deyib.
Dövlət başçısının sözlərinə görə, bu təşəbbüs münaqişələrin qarşısının alınması və gələcək nəsillər üçün sülhün təmin edilməsi istiqamətində qlobal səyləri dəstəkləməyə yönəlib. Bu məsələni həyata keçirmək üçün beynəlxalq konfranslar, forumlar, həmçinin parlament, ictimai və gənclər nümayəndə heyətlərinin mübadiləsini əhatə edən xüsusi tədbirlər proqramı hazırlanacaq.
Prezident qeyd edib ki, Özbəkistanın sədrlik dövründə əsas prioritetləri sülhün və zorakılıq əleyhinə mədəniyyətin təşviqi, siyasi dialoq əsasında ölkələr arasında inamın gücləndirilməsi, həmçinin dözümlülük, qarşılıqlı anlaşma və həmrəylik atmosferinin təşviq edilməsi olacaq.
