Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük

A- A A+

Qara dəniz qarşıdurma zonasına çevrilməməlidir. Hadisələrin bu istiqamətdə inkişafı heç bir fayda gətirməz, yalnız Rusiyaya və Ukraynaya zərər vurar. Qara dənizdə təhlükəsiz gəmiçiliyə bütün tərəflərin ehtiyacı var və bu, mütləq təmin edilməlidir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində səsləndirib.

Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasında sülhü “uzaqda olmayan” kimi dəyərləndirib. “Sülh uzaqda deyil və biz bunu görürük. Əsas məsələ sülh istiqamətində səyləri davam etdirməkdir”, – deyə Prezident Ərdoğan bildirib.

Türkiyə Prezidenti Aşqabadda keçirilən “Sülh və etimad: dayanıqlı gələcək naminə məqsədlərin birliyi” Beynəlxalq Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünü “çox məhsuldar və hərtərəfli” adlandırıb.

“Putinə istənilən vaxt onu Türkiyədə qəbul etməyə hazır olduğumu bildirdim. Tezliklə görüşməyin mümkün olması imkanlarını müzakirə etdik. Putin söz verdi ki, sözünə əməl edəcək. Rusiya liderinin tezliklə səfər edəcəyinə ümid edirəm”, – deyə dövlət başçısı qeyd edib.

Türkiyə Prezidenti vurğulayıb ki, Ankara ilə Moskva arasındakı münasibətlər ani maraqlara əsaslanmır. “Söhbət qarşılıqlı etimada və güclü diplomatiyaya söykənən köklü tarixi əlaqələrdən gedir”, – deyə siyasətçi izah edib.

Prezident Ərdoğanın sözlərinə görə, Vladimir Putinlə görüş zamanı müharibə və sülh məsələləri müzakirə olunub. “Türkiyənin bu məsələyə dair mövqeyi hamıya məlumdur. Cənab Putin də bu mövqedən xəbərdardır. Biz müharibənin mümkün qədər tez dayandırılmasını zəruri hesab edirik və bunu bütün tərəflərə açıq şəkildə bildiririk”, – deyə Prezident Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında sülh məsələsi ilə bağlı Ağ Ev rəhbərinin təşəbbüslərini də xatırladıb. “Xarici işlər naziri Hakan Fidan ABŞ-dan olan həmkarları ilə daimi təmasdadır. Vladimir Putinlə hazırkı görüşdən sonra ümid edirəm ki, sülh planını Donald Trampla da müzakirə etmək imkanı əldə edəcəyəm”, – deyə Prezident Ərdoğan bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: