Kanada yəhudiləri Sidneydəki hücumdan sonra təhlükəsizliklə bağlı hakimiyyət orqanlarına müraciət ediblər
Kanadanın yəhudi icmaları Avstraliyadakı silahlı insidentdən sonra təhlükəsizliklərini gücləndirmələri ilə bağlı yerli hakimiyyət orqanlarına müraciət ediblər.
NUHÇIXAN xəbər verir ki, “The Globe and Mail” qəzetinin məlumatına görə, yəhudilərin “Bney-Brit” ictimai təşkilatının Kanada şöbəsi hakimiyyət orqanlarından sinaqoqların, yəhudi məktəblərinin və digər ictimai obyektlərin təhlükəsizliyinin gücləndirilməsini istəyib. Kanadada yaşayan yəhudilər oxşar hücumların burada da təkrarlana biləcəyindən qorxurlar.
Bu müraciətdən sonra Kanadanın Kalqari, Monreal, Ottava və Toronto kimi böyük şəhərlərinin polis idarələri yəhudi icmalarının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirməyi vəd edib.
Xatırladaq ki, Avstraliyanın Sidney şəhərində yerləşən “Bondi” çimərliyində “Hanuka” bayramını qeyd edən yəhudilər iki silahlı şəxsin hücumuna məruz qalıb. RBK radiosunun məlumatına görə, hücum nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. Hadisə nəticəsində, həmçinin 42 nəfərin xəsarət aldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxslərdən birini öldürüb, digərini isə yaralayaraq həbs edib.
Kanadanın Baş naziri Mark Karni Sidneydəki hücumda həlak olanların ailələrinə başsağlığı verib.
