Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı (Aİ) dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə Rusiya–Ukrayna müharibəsini cəbhə xəttindən iqtisadi arxa cəbhəyə keçirmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, Orbanın sözlərinə görə, bu addım açıq müharibə elanına bərabərdir və Rusiya tərəfindən cavabsız qalmayacaq. Baş nazir qeyd edib ki, həftə Brüsseldə keçiriləcək Aİ sammitinə həsr olunub və Macarıstan parlamentinin Aİ üzrə məsləhətçi komitəsi toplanacaq. Baş nazirin fikrincə, sammitin əsas sualı “müharibə, yoxsa sülh”dür.
O bildirib ki, Avropa müharibənin bitməsinə yaxın olsa da, Aİ onu davam etdirməyə meyillidir. Orban vurğulayıb ki, Macarıstan dondurulmuş Rusiya aktivlərinin müsadirəsini, Ukraynaya silah və maliyyə yardımını, eləcə də müharibə məqsədli Aİ kreditlərini dəstəkləmir.
